IELTS vs TOEFL?

Author Gülçöhrə Abdulrəhmanova
Gülçöhrə Abdulrəhmanova
Aug 30, 2021 | 6 dəq oxu
IELTS vs TOEFL

    Məlumdur ki, xaricdə təhsil almaq və ya işləmək üçün müəyyən dil biliyini ölçən sertifikata sahib olmaq zəruri hala çevrilib. Beynəlxalq dil kimi təsdiqlənən, bir çox ölkənin rəsmi dili kimi qəbul edilən ingilis dilini bilmək demək olar ki, əksər insanlar, xüsusilə də, tələbə və xaricdə işləmək istəyənlər üçün vacibdir. İndiki dövrdə hamı xarici ölkələrdə təhsil almaqla yanaşı, həm də işləməyi arzulayır. Amma bunu arzulamaqla deyil, eyni zamanda bu arzuya çatmaq üçün bir neçə mərhələdən keçmək lazımdır. Əvvəlcədən sizə ingilis dili sertifikatı əldə etmək lazımdır. Bunun üçün universitetin, yaxud işləmək istədiyiniz yerin hansı dil sertifikatı tələb etdiyini öyrənməlisiniz. Yəni ilk edəcəyiniz iş ingilis dilini öyrənib beynəlxalq TOEFL və ya IELTS imtahanlarından birindən sertifikat əldə etməkdir. Ən əsası isə dünya universitetlərinin 90 %-inə problemsiz olaraq bu iki imtahandan birini verməklə qəbul olmaq olar. Ümumiyyətlə, TOEFL və IELTS nədir? Bunların arasındakı fərq nələrdən ibarətdir? İlk olaraq bu kimi tez-tez verilən suallara aydınlıq gətirəcəm.

 

  •  IELTS imtahani haqqında ümumi məlumat

İlk olaraq IELTS-dən başlayaq. IELTS – International English Language Testing System, yəni Beynəlxalq İngilis dili Test Sistemidir. Başqa dildə desək, fərqli dilli ölkələrdən olan insanların ingilis dili səviyyəsini ölçmək üçün keçirilən imtahan növüdür. IELTS imtahanı ümumi və akademik olmaqla 2 formada keçirilir.

  • General/Ümumi sertifikat - Birləşmiş Krallıq, Kanada, Avstraliya və Yeni Zelandiya kimi ölkələrə miqrasiya etmək istəyənlərdən tələb olunur. Bu sertifikat həmin insanların sosial və iş mühitində ingilis dilində ünsiyyət qurma qabiliyyətini göstərir.

  • Academic/Akademik sertifikat - dünyada minlərlə universitet və təhsil müəssisələri bu sertifikatı tələb edir. İngilis dilində təhsil alacaq bakalavr və magistrlərdən bu imtahanı uğurla keçmək tələb olunur. Təhsil müəssisələrinin tələbləri fərqlənsə də təxmini 6.0 üzəri olur.

 

IELTS imtahanı ümumilikdə 4 hissədən ibarət olur.

  •  Listening/Dinləmə - 40 suallıq bu testdə 4 fərqli səs yazısına qulaq asmaqla sualları həll etmək tələb olunur.

  • Reading/Oxuma - bu hissədə də cəmi 40 sual və 3 mətn verilir. Namizəddən mətni oxuyub anlama, ona uyğun suallara cavab vermə tələb edilir. Mətnlər adətən elmi məqalələrdən, jurnallardan götürülür.

  •  Writing/Yazı - 2 hissədən ibarət olur. İlk hissədə qrafik, diaqram və s. şəkil verilir və namizəd onu 150+ sözlə təsvir etməlidir. İkinci hissədə isə sırf  dünyagörüşü tələb edən mövzular barədə inşa yazılır. Namizəd 40 dəqiqə ərzində bu mövzu ilə bağlı 250+ sözlük esse yazmalıdır.

  •  Speaking/Danışıq - 3 hissədən ibarətdir. İlk hissədə namizəd özü haqqında ümumi məlumat verir. İkinci hissədə sual kartı və 1 dəqiqə vaxt verilir. Namizəd verilən müddət ərzində danışacağı mətn haqqında düşünür və sonda 1-2 dəqiqə ərzində bu barədə danışır. Üçüncü hissədə isə imtahan götürən şəxs əlavə suallar səsləndirir. Bu suallar əsasən 2-ci hissə ilə bağlı olur. Bu zaman imtahan götürən şəxs sualları verməklə mövzunu daha da aydınlaşdırır və eyni zamanda danışanın ingilis dilində fikrini necə səlis ifadə edəcəyinə diqqət yetirir. IELTS imtahanında hər bölmə/section 1-9(0.5 fərqlə) balla qiymətləndirilir. Sonda 4 bölmə üzrə balların ortalaması tapılır və yekun qiymət hesablanır.

        Ümumilikdə, IELTS 3 şirkətə məxsusdur. Bu imtahan vasitəsilə Avstraliya, Böyük Britaniya və ABŞ-da yerləşən bir çox universitetlərə qəbul olmaq mümkündür. IELTS testləri daha çox 121 ölkədə təşkil edilir. İlk vaxtlarda IELTS imtahan forması xarici tələbələrə görə Böyük Britaniya və Avstraliya universitetlərinə qəbul olmaq üçün yaradılmışdır. Qeydiyyat prosesinə gəldikdə isə IELTS daha mürəkkəbdir. IELTS imtahanına müraciət üçün kağız üzərində olan formanı doldurmaq, sonra 2 ədəd fotoşəkil və üstəgəl pasportun surəti lazımdır. Daha sonra isə bu qeyd olunanları götürüb imtahan keçiriləcək mərkəzə gəlmək və oraya bu sənədləri təqdim edərək ödəniş etmək lazımdır.

 

     TOEFL (Test of English as a Foreign Language) ingilis dili səviyyəsini qiymətləndirmək üçün keçirilən beynəlxalq imtahandır. Bu imtahanı dünyanın 100-dən artıq ölkəsində vermək mümkündür. Hesablamalara görə, hər il TOEFL imtahanı verənlərin sayı təxminən bir milyon nəfəri ötür. Bu imtahan dünyanın demək olar ki, bütün universitetləri tərəfindən qəbul olunur. TOEFL IELTS-dən fərqli olaraq özünəməxsus şəkildə internet vasitəsilə verilir. Belə imtahan forması IBT (internet based TOEFL) adlanır. Amma TOEFL imtahanını  yazılı şəkildə də vermək olar. Bu internetin olmadığı yerlərdə təşkil olunur. Bu TOEFL imtahan forması isə PBT (paper based TOEFL) adlanır. TOEFL IBT imtahanı dörd hissədən ibarətdir: Reading (oxuma), Listening (dinləmə), Speaking (danışıq), Writing (yazı).

  •  Reading hissəsində mətnlər verilir və mətnə aid suallara cavab vermək lazımdır.

  •  Listening hissədə isə müxtəlif dialoqlar, şəkillər verilir.

  • Speaking və Writing hissələrində isə müvafiq olaraq danışıq və yazı səviyyələri yoxlanılır.

Qeydiyyat proseduruna görə TOEFL daha sadə formadadır. Qeydiyyat üçün yalnız internet bağlantısı və kredit kartı (bank kartı) lazımdır. Rəsmi test mərkəzi ETS-dir (Educational Testing Service). Azərbaycanda TQDK, Azərbaycan Dillər Universitetində və s. kimi test mərkəzlərində imtahan vermək mümkündür. ETS-in rəsmi saytından qeydiyyatdan keçirsiniz. Qiymətə gəldikdə isə TOEFL imtahanının qiyməti: 195$-dır.

 

- Ən əsas fərqləri odur ki TOEFL Speaking hissəsində danışanın səsi yazılır, yəni kiminləsə yox, mikrofona danışırsınız. 15 saniyə düşünməyə, 45 saniyə isə danışmağa vaxt verilir.

-TOEFL-da Speaking və Writing hissələrində Integrated deyilən bölüm var. Yəni bu zaman sizə kiçik mətn verilir, onu oxuyandan sonra ona uyğun bir dinləmə olur, sonra isə qısa danışmaq/yazmaq lazımdır.

- TOEFL imtahan prosesi zamanı sizə 3 ədəd A4 kağızı verilir. Lakin yalnız listening hissələrində qeyd götürməyə icazə var. Sualları qeydlərinizdən istifadə edərək cavablandırırsınız.

Author Gülçöhrə Abdulrəhmanova
Gülçöhrə Abdulrəhmanova
Aug 30, 2021 | 6 dəq oxu


Əlaqəli məqalələr

TOEFL imtahanından uğurla keçmək üçün 5 addım
İMTAHANLAR

TOEFL imtahanından uğurla keçmək üçün 5 addım

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 16 dəq oxu
YÖS imtahanı vasitəsilə tələbələr həm özəl, həm də dövlət universitetlərinə müraciət edə bilərlər. YÖS rəqabətin yüksək olduğu bir imtahandır.
İMTAHANLAR

YÖS imtahanı nə üçündür?

Müəllif: Arzu Ələkbərsoy
Sep 02, 2021 | 2 dəq oxu