Ali Təhsil və Kariyera

Jafar Abbaslı
Cəfər Abbaslı
Sep 24, 2021 | 7 dəq oxu
kariyera

   Hər bir insan öz həyatında hansısa bir peşəyə sahib olmaq və öz peşəsində yaxşı mütəxəssis kimi formalaşmaq istəyir. Bunun üçün ilk addım təbii ki, nəzəriyyədən başlayır. Nəzəriyyəni öyrənmək ən azı, bakalavr dərəcəsində təhsil almaqdan başlayır. Bu isə yalnız dərs saatlarında təhsil almaqla kifayətlənməməlidir. Dərs saatlarından sonra əlavə texniki ədəbiyyatlar, praktiki seminarlar, təcrübə proqramları ilə maraqlanmaq və iştirak etmək mütləqdir. Bu dəyərlərin reallaşması elə də çətin deyil. Bunun üçün yüksək həvəs və motivasiyanın olması kifayət edir ki, bu da birbaşa seçdiyimiz və təhsil aldığımız sahəyə qarşı olan sevgi və həvəsimizdən irəli gəlir.

Universitet təhsili dövründə qatıldığımız bütün fəaliyyətlər (activities) gələcək karyeramız üçün bir stimuldur. Ancaq bu, yüksək peşəkar kimi yetişmək üçün yetərli deyil. Bu, sadəcə olaraq texniki peşənin əlifbasıdır. Həm bakalavr, həm də magistr təhsili almış şəxs ən azı, ilkin müəyyən məlumat bazasına sahib olmalıdır ki, bu da atacağı ilk karyera addımlarında ona yardımçı olacaq. 

Texniki sahə üzrə təhsil almış (Elektroenergetika mühəndisliyi - bakalavr, magistr) şəxs olaraq əminliklə deyə bilərəm ki, əgər siz texniki sahə üzrə yetişmək üçün ixtisasınızla bağlı hərtərəfli araşdırmalar aparsanız, texniki ədəbiyyatlara çox üstünlük versəniz, müxtəlif seminar və təlimlərə qoşulsanız, özünüzdə olan boşluqları müəyyən edib üzərində çalışsanız, bütün bunlar sizə karyeranızda töhfələr verəcək.

 

Gəlin bir neçə mərhələni analiz edək:

1. Ofis proqramları haqqında məlumat 

Universitet dövründə sahənizlə bağlı olan və ofis proqramlarını (Word, Excel, Outlook, PDF) öyrənmək yaxşı ideyadır. Word (for Document and checklist preparation), Excel (follow the Matrix and system files), Outlook (internal and external mail system), PDF (redline, mark-up and highlighted) fayllarla sürətli və əhatəli işləmək bacarığı önəmlidir. Çox insanlar üçün sadə və önəmsiz gəlsə də bu proqramlarla sürətli işləmək bacarığı əmin olun ki, köməyinizə çatacaq. AutoCad (Technical drawing and documents), AutoCad electrical (Electrical supplier system), MATLAB (Software for Numerical Computing), Naviswork (3D Viewer), Simulink (GUI based software for Dynamic System Simulation), ETAP (An Electrical Engineering Software for Power Systems) və s. proqramlarla maraqlanmaq üstünlüyünüz olacaq.

 

2. Xarici dil biliklərinin artırılması

İstər yerli, istərsə də xarici şirkətlərdə çalışdığınız dövrdə xarici dil biliyinizin olmaması əmin olun ki, sizi müəyyən çətinliklərlə qarşılaşdıracaq. Rus və ingilis dilinin müasir dövrdə vacibliyini yəqin ki, hamımız bilirik. İclaslarda iştirak etdikdə (meeting), iş görüşlərində (interview), xarici dilli əməkdaşlarla iş müzakirəsi apardıqda (discussion with client responsibilities), mailləşmədə (mail discussion) və s. xarici dil biliyi sizin əhatə dairənizin, biliklərinizin və dünya görüşünüzün inkişafında əvəzsiz rol oynayacaq.

 

3. Tələbələr üçün Schoolarship və ya təqaüd proqramları haqqında

Nə qədər ki tələbəsiz sizin üçün yaradılan bütün imkanlardan maksimum şəkildə faydalanmağa çalışın, çünki bir daha əlinizə o cür imkanlar düşməyə bilər. Çalışın hər zaman axtarışda olun. Şirkətləri tanıyın, çünki həmin anda istifadə etmək imkanınız olmasa da belə (təhsil aldığınıza görə) gələcəkdə bu, sizin üçün bir işıq ucu ola bilər. Hər hansı bir müsabiqəyə qatılmaqdan əsla çəkinməyin və pozitiv ya neqativ nəticədən asılı olmayaraq nəsə öyrənmiş olacağınıza əmin olun. İnanın ki, alacağınız “stipendiya” ayrı cür dəyərli olacaq və ehtiyaclarınızı qarşılamış olacaqsız. Schoolarship proqramlarında tələbə ikən kiçik də olsa praktika qazanmış, kollektiv və iş şəraiti barədə məlumatlı olmuş olacaqsız.

 

4. Beynəlxalq və yerli sertifikatlar haqqında

İş həyatında müxtəlif təyinatlı sertifikatlar və dərəcələr iş imkanlarınızı və bilik səviyyənizi artıracaq. Təbii ki, sertifikat deyəndə hər hansı rəsm, inşa və ya primitiv bir sertifikatdan söhbət getmir. İş fəaliyyətiniz və peşənizlə əlaqəli olan sertifikatlar üçün çalışıb vaxt ayırın. Çünki təsəvvürünüzdə belə olmayan yeni imkanlar yarada bilər. Beynəlxalq sertifikatlara üstünlük verin və bu sizə bir çox üstünlüklər verəcək.

 

5. Şirkətlər

Tələbə vaxtından etibarən şirkətlərlə yaxından maraqlanın. Hətta siyahı formasına belə sala bilərsiz. Əlaqə üçün şəxsləri və onlarla əlaqə (mail ünvanı, əlaqə telefonu) vasitələrini saxlamağınız sizə gələcəkdə iş imkanı yarada bilər. Çalışmaq istədiyiniz şirkət barədə tam ətraflı məlumata sahib olun ki, bu da iş görüşlərində sizə əlavə “+” qazandıracaq və qarşınızdakı insanlara onların şirkətinə necə dəyər verdiyinizi hiss etdirəcəksiz. Şirkətləri bir müddətlik pilləkən kimi istifadə etmək (ciddi bir səbəb olmadan tez-tez iş yerini dəyişmək) həm əmək kitabçanızda, həm də CV-də sizə qarşı qeyri-ciddi təsəvvür yarada bilər, buna görə də çalışın şirkət və iş seçimi edərkən ətraflı düşünün və qərar verin.

 

6. İş müsahibəsi

İş imkanları barədə hər hansı addım atmamışdan öncə vacib olan bəzi məsələləri dəqiqləşdirməlisiniz.

Seçdiyiniz şirkətin sizin üçün perspektivli olub-olmayacağını bilməlisiniz. Vakansiya üzrə tam hazır olub-olmadığınızı və o vəzifəyə özünüzü hansı səviyyədə hazır etdiyinizi bilməlisiniz. Təqdim etdiyiniz CV-nin (Curriculum Vitae) peşəkar tərtib olunması əsas şərtdir. Yarımçıq məlumat, bir-birini tamamlamayan cümlələr, vacib olan, lakin qeyd olunmayan informasiyalar, vizual görüntü və s. kimi məqamlara ciddi diqqət edilməlidir. CV-nin yorucu və mənası tam aydın olmayan cümlələrlə dolu olması sənədə qarşı qeyri-ciddi fikirlər yaradır. Görüş zamanı ən xırda detal (jest) - əl qol hərəkəti, üz mimikaları ani olaraq nəticəni dəyişə bilər. Qısaca olaraq, hər şey özünüzdən asılıdır.

 

Mənim 6 illik ali təhsilə, 8 illik iş stajına (beynəlxalq ölkədaxili, xarici layihələr və s), bir neçə yerli və beynəlxalq sertifikata malik olmağımın, 7 illik ixtisasımla bağlı treyninq və seminarlarla məşğul olmağımın əsas səbəbi ixtisasıma verdiyim dəyər və sahəmə olan sevgimdən irəli gəlir. Çünki həyatda insanın sahib ola biləcəyi ən gözəl dəyərlərdən biri sevdiyin ixtisas (peşə, sənət) ilə məşğul olmaqdır.

Qeyd etdiyim bütün nüanslar təhsil və karyeramda, treyninq dövründə, iş görüşlərində qarşılaşdığım məqamlardan, çıxartdığım nəticələrdən süzülüb gələn fikirlərdir. Bəzən hər şey olmasa da bəzi məqamlar heç də planlaşdırdığımız kimi olmur, sizi yaxşı başa düşürəm. Bəzən hər hansı məcburiyyət və tələblər qurduğumuz planlardan kənara çıxmağa bizi məcbur edir, amma bir şeyi də bilməliyik ki, hər şey yenə də öz əlimizdədir və hər zaman hər şeyi dəyişə bilərik. Əsas olan insanın öz sahib olduğu potensiala və gücə inanmağıdır. O zaman SƏN hər maneəni aşmaq gücünə, hər çətinliyə sinə gərmək bacarığına sahib olduğunu anlayacan. Belə bir deyim də var:

“Unutma, boksçu yerə yıxılanda deyil, yerdən qalxa bilməyəndə məğlub sayılır”.

 

Öyrənmək heç zaman gec deyil, əsas olan səbr və həvəsdən ibarətdir!

Jafar Abbaslı
Cəfər Abbaslı
Sep 24, 2021 | 7 dəq oxu


Əlaqəli məqalələr

Niyə texniki ingilis dili?
ÜMUMİ İNGİLİS DİLİ

Niyə texniki ingilis dili?

Müəllif: DillBill Team
Sep 29, 2021 | 7 dəq oxu
İngilis dilini ödənişsiz haradan öyrənə bilərəm?
ÜMUMİ İNGİLİS DİLİ

ingilis dilini necə öyrənmək olar

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu