Kommunikasiya bacarıqlarımı necə inkişaf etdirim?

Author Gülçöhrə Abdulrəhmanova
Gülçöhrə Abdulrəhmanova
Sep 04, 2021 | 5 dəq oxu
Kommunikasiya bacarıqlarımı necə inkişaf etdirim?

Cəmiyyəti ən çox düşündürən məsələlərdən biri də ünsiyyət, yəni kommunikasiya qabiliyyətini necə düzgün şəkildə formalaşdırmaq, yaxud onu necə inkişaf etdirməkdir. Bəs ümumiyyətlə, kommunikasiya bacarığı anlayışı nədir? Kommunikasiya bacarığı müasir dövrün ən önəmli hesab edilən həyati bacarıqlarından biridir. Əksər araşdırmalar onu göstərir ki, son zamanlar işə qəbul prosesində namizədlərdən gözlənilən ən vacib keyfiyyətlərdən biri məhz kommunikasiya bacarığıdır. Kommunikasiya ünsiyyət zamanı informasiyanın qəbul edilməsi və ötürülməsi, yəni məlumat mübadiləsidir. Məlumat mübadiləsi, ünsiyyət bizi cəmiyyət olaraq formalaşdıran əsas amildir. Sual yarana bilər ki, ünsiyyət prosesi zamanı vacib olan məqamlar hansılardır? Və biz ən çox nələrə diqqət etməliyik?

İndi isə kommunikasiya zamanı diqqət etməli olduğumuz bir neçə amilə aydınlıq gətirəcəyəm.

  •  Dinləmə qabiliyyətinin olması;

  •  Bədən dili-jest və mimikalardan düzgün istifadə;

  •  Münasib ünsiyyət üsulu;

  •  Əminlik.

     Ünsiyyət qabiliyyətini düzgün şəkildə inkişaf etdirmək üçün ilk öncə qarşınızdakı şəxsin danışığına diqqətlə qulaq asmaq və nəticə çıxarmaqdır. Dinləmə qabiliyyəti, yaxud dinləmə mədəniyyəti hər bir şəxsdə güclü şəkildə formalaşmalıdır. Müəyyən iclaslarda, müzakirələrdə, mühasibə proseslərində söylənilən nitqin əsas konseptinə fokuslanmaq üçün danışanı diqqətlə dinləmək və sonda düzgün şəkildə fikir bildirmək lazımdır. Həmsöhbətinizə hörmətlə yanaşın. Onun söylədiklərinə diqqət yetirin, aydınlaşdırıcı suallar verin. Dediklərini təkrarlamaqdan çəkinməyin. Aktiv dinləmə sayəsində qarşı tərəfin nə deməyə çalışdığını daha yaxşı başa düşəcək və ona uyğun cavab verə biləcəksiniz.

 

  •  Bədən dili - jest və mimikalardan düzgün istifadə

    Tədqiqatlar göstərir ki, ünsiyyət zamanı danışığımız ümumi ünsiyyətin yalnız 35 faizini təşkil edir. Bunun 65 faizi vizual ünsiyyət elementlərindən ibarətdir. Peşəkar psixoloqlar bizə dialoqlar zamanı daha çox istifadə olunan bəzi jest və mimikaların mənasını açıqlayırlar. Amma ən vacib məqamı vurğulamaq lazımdır. Unutmayın ki, ünsiyyətdə əsas səmimilikdir. Çalışın bildiklərinizi tətbiq edərkən hərəkətləriniz süni, qeyri-təbii görünməsin.

1.   "Açıq əllər" jesti səmimilik deməkdir. Söhbət zamanı bəzən bir və ya hər iki əl ovuc içi açıq vəziyyətdə olur. Sanki insan sizə qəlbini açır.

2.   Pencəyinizin düymələrini açmaqla və ya onu çıxartmaqla siz həmsöhbətinizə qarşı rəğbət bəslədiyinizi bildirirsiniz.

3.   İnsanın sakit, rahat, arxayın özünü hiss etməsinə onun əllərinin boşalmış vəziyyəti qoyulduğu işarə edir.

4.   Söhbətə diqqətlə qulaq asanda adamın başı qeyri-ixtiyari olaraq yana əyilir.

 

  • Münasib ünsiyyət üsulu

  Təbii ki, kommunikasiyanın hansı formatda, hansı şərtlər altında qurulacağı da bir o qədər əhəmiyyətli məqamlardan biridir. Məsələn, həlledici, ciddi müzakirələr üçün üzbəüz söhbət daha münasibdir. Belə hallara karyera ilə bağlı müzakirələr, əmək vəziyyəti haqda dəyişikliklər və s. daxildir. Ünsiyyət zamanı şəffaf və dəqiq olmaq önəmlidir. Şifahi ünsiyyət zamanı nə çox, nə də az danışmaq lazımdır. Fikrinizi mümkün qədər qısa və yığcam danışmaqla ifadə etməyə çalışın. Qarşı tərəfə çatdırmaq istədiyinizi dəqiq və birbaşa söyləyin. Əks halda qarşı tərəf sizin demək və çatdırmaq istədiyiniz əsas fikri anlamaya bilər.

 

  • Əminlik

   Qarşı tərəfə əminlik nümayiş etdirmək hər bir müzakirədə əhəmiyyətli rol oynayır. Kommunikasiyada əsas amillərdən biri də söylədiyin fikrə əmin olmaqdır. Qarşı tərəfin etimadını qazanmaqda əsas prinsip hesab olunur. Bəs ünsiyyət zamanı qarşı tərəfə əminlik nümayiş etdirmək üçün necə davranmaq lazımdır? Təbii ki, müzakirə edilən mövzu haqqında detallı biliyə və məlumata sahib olmaqla və bunu qarşı tərəfə aydın şəkildə çatdırmaqla özünüzə qarşı etibar və inam qazana bilərsiniz. Müəyyən vəziyyətlərdə danışılan mövzu haqqında dərin biliyə sahib olmasaz da bunu heç vaxt bəlli etməməyə çalışın. Bu cür vəziyyətlərdən çıxmağın ən yaxşı üsulu müzakirəni diqqətlə dinləmək və analiz edərək ümumi fikir irəli sürməkdir. Qarşı tərəflə ünsiyyət zamanı və müəyyən iclaslarda çıxış edərkən özünüzü rahat hiss etməyə çalışın. Dediklərinizə əmin olun. Göz təması quraraq düzgün səs tonu və səmimi danışıqla bu əminliyi nümayiş etdirə bilərsiniz. Ən əsası isə təkəbbürlü və aqressiv olmaqdan çəkinin. Ən yaxşı üsul demək olar ki, nitqinizi əvvəlcədən hazırlamaq və struktur cəhətdən nizamlamaq lazımdır ki, sonradan çaşqınlıq yaratmasın. Bu halda nitq zamanı qarşınızda yazılı mətn olmasa da ağlınızda demək istədiklərinizin təsviri yaranır. Çalışdığınız sahədən asılı olmayaraq, uğur qazanmaq üçün daim üzərinizdə işləmək lazımdır. Bilik və bacarıqları artırmaq vacib şərtdir. Heç vaxt təslim olmayın. Məqsədə çatmaq üçün atdığınız istənilən addım həm də özünü inkişafa doğru olan bir addımdır. Kommunikasiya bacarıqlarını inkişaf etdirmək üçün əsas tövsiyəm odur ki, ünsiyyətdən qorxmayın.

Author Gülçöhrə Abdulrəhmanova
Gülçöhrə Abdulrəhmanova
Sep 04, 2021 | 5 dəq oxu


Əlaqəli məqalələr

İntervüyə necə hazırlaşmalı?
BİZNES İNGİLİS DİLİ

İntervüyə necə hazırlaşmalı?

Müəllif: Arzu Ələkbərsoy
Sep 19, 2021 | 7 dəq oxu
İngilis dilində işgüzar yazışmalar
BİZNES İNGİLİS DİLİ

İngilis dilində işgüzar yazışmalar

Müəllif: Arzu Ələkbərsoy
Sep 12, 2021 | 5 dəq oxu