Montessori metodu ilə ingilis dilini necə öyrənmək olar?

Author Gülçöhrə Abdulrəhmanova
Gülçöhrə Abdulrəhmanova
Sep 28, 2021 | 5 dəq oxu
Montessori metodu ilə ingilis dilini necə öyrənmək olar?

Müasir dövrdə ingilis dilini öyrənməyin bir çox üsulu vardır. Bunlardan ən geniş yayılmışı isə Mariya Montessori tərəfindən yaradılan Montessori tədris metodikasıdır. İndi isə sizlərlə bu metodikanın tarixi və yaranması barədə qısa məlumat paylaşacağam. Belə ki, 26 yaşında İtaliyanın ilk qadın həkimi olan Montessori 1896-cı ildə universitet xəstəxanasında (San Giovanni Hospital) həkim assistenti kimi işləməyə başlayır və həyatında ilk dəfə olaraq əqli geriliyi olan uşaqlarla qarşılaşır. Buradakı uşaqlar boş otaqlarda saxlanılırdı, onlarla demək olar ki, ünsiyyət qurulmurdu, hətta oyuncaq və kitabları da yox idi. Zaman keçdikcə onlara oynamaları üçün qutudan oyuncaqlar düzəldir.

Getdikcə onlarla yaxın münasibət qurur və dərk edir ki, əqli geriliyi olan uşaqların da inkişaf etməsi, həyatı dərk etməsi üçün uyğun atmosfer lazımdır. Bundan sonra Mariya bir çox fərqli kitablar oxuyaraq bu barədə araşdırmalar etdi.  Beləliklə, Mariya Montessorinin metodikasının əsas ideyası yaranır: istər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişafetdirici mühit lazımdır. Tədqiqatları və mütaliələri əsasında belə qərara gəlir ki, əqli gerilik tibbdən daha çox, pedaqogikanın problemidir, bu səbəbdən də onlarla xəstəxanada deyil, məktəbdə məşğul olmaq lazımdır. Beləliklə, 1907-ci il yanvarın 6-da ilk Montessori məktəbi açılır. Bu, Roma ətrafında San-Lorensoda fəaliyyət göstərən “Casa dei Bambini” olur.

 

Montessori təlimi digərlərindən fərqləndirən nədir?

Bunu daha yaxşı izah etmək üçün belə bir nümunə gətirək. Biz uşaqlarla söhbət edərkən ayaq üstəyiksə, uşaqlara yuxarıdan aşağı baxaraq danışırıq. Bu zaman o, özünü kiçik kimi tanıyır. Amma montessoridə uşaqla söhbət edərkən onun boyu bərabərinə enib, demək olar ki, onunla birlikdə əyləşib söhbət edirsiz. Bu da onun özünü qarşısındakı insan səviyyəsində hiss etməsinə şərait yaradır. Özünəinamı artırır. Təbii ki, uşaqlar “Sən bunu düz etmədin” deyəndə xoşlamırlar. Montessori isə müəllim və ya bu sistemi bilən hər bir anaya bu sözləri işlətməyə icazə vermir. Səhv olduqda sakitcə dayanır ki, uşaq özü öz səhvini tapsın. Bununla da uşaq kəşf edərək, öz səhvindən nəticə çıxararaq öyrənir. Sadəcə ana, yaxud müəllim istiqamətverici rol oynayır. Bir işi düzgün edəndə də “afərin” demirik, deyirik “yaxşıdı, amma sən bundan daha gözəlini edə bilərsən”. Bununla da daxili intizamı artır. İndi təsəvvür edin ki, bu metod ingilis diini öyrənmək üçün tətbiq edilir. Möhtəşəm deyilmi? İndiki dövrdə ingilis dilində danışmaq bir çoxunun arzusudur. Əksər valideynlər istəyir ki, övladları hələ kiçik yaşından bu dildə sıxılmadan, utanmadan özünü rahat şəkildə ifadə edə bilsin. Bir çox mentor və repetitorların köməyi sayəsində bu dili müəyyən dərəcədə öyrənmək olar. Lakin uşaqlarda nəsə əqli gerilik, yaddaş zəifliyi, özünəinamsızlıq və utancaqlıq varsa, təbii ki, Montessori metodu vasitəsilə dil öyrənmək onlarda böyük inkişafa gətirib çıxara bilər.

 

Montessori metodu özündə nələri birləşdirir?

  • Sərbəstlik

  • Müşahidə etmə bacarığı

  • Səhvini anlama və düzəltmə

  • Güclü zehin

Bütün bu bacarıqların inkişafı və formalaşmasına şərait yaradan bu metod ingilis dilində danışmaqda çətinlik çəkən, yaxud bu dili asanlıqla qavraya bilməyən uşaqlar üçün böyük fürsətdir. Yuxarıda sadalanan faktorları dərslərdə tətbiq etməklə yüksək nəticə əldə etmək olar. Sərbəstlik bu metodun əsas prinsipidir. 

"Heç vaxt uşağa öhdəsindən gələcəyinə inandığı tapşırıqları yerinə yetirməyə kömək etməyin" - Mariya Montessori.

Həmişə çalışın ki, övladınıza ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyəsiniz. Yaxud müdaxilə etmədən övladınıza tapşırıqların, çətinliklərin öhdəsindən gəlmək üçün sərbəstlik verin. Onun üçün hərəkətlərində, istəklərində, seçimlərində azad düşüncə formalaşdırın. Gündəlik həyatında geyimindən tutmuş hansı oyunları oynayacağına imkan verin özü qərar versin, yaxud ev tapşırığını hansı ardıcıllıqla yerinə yetirməklə bağlı qərarları onun öhdəsinə buraxın. Bununla övladınız özünə inanacaq və qərarlarına görə məsuliyyət daşımağı öyrənəcək.

 

Montessori metodu ilə ingilis dilini necə öyrənmək olar?

Təbii ki, bu metod hər bir şagird üçün fərqli formalarda tətbiq edilir. İngilis dili öyrənmək üçün hər bir şagirdin özünəməxsus öyrənmə xüsusiyyətlərini nəzərə alaraq onlara mahnılar, barmaq oyunları, söz oyunları, yaddaş kartları ilə oynanılan oyunlar, zarafatlar, dram, müəyyən rol ifa etməklə və maraqlı hekayə danışmaqla şagirdlərə kömək etmək olar. Bir sıra kitablar və fəaliyyətlərlə şagirdlər ingilis dili dərslərində sözləri, sadə cümlə nümunələrini qurmaqla əsas ingilis dili təməlini qoyacaqlar. "Xöşbəxt uşaqlar öyrənir" prinsipinə əsaslanaraq, şagirdlərin xarici dili istəklə və həvəslə öyrənməsi  üçün ən əhəmiyyətli üsul Montessoridir. Bu çərçivədə şagirdlər ingilis dilini sadəcə dərs öyrənmək üçün deyil, əylənmək üçün öyrənmək istəyirlər. Məqsəd əylənmək olanda daha sürətli və həvəslə öyrənirlər.

Author Gülçöhrə Abdulrəhmanova
Gülçöhrə Abdulrəhmanova
Sep 28, 2021 | 5 dəq oxu


Əlaqəli məqalələr

İngilis dilini öyrənənlər üçün 8 asan nağıl
UŞAQLAR ÜÇÜN İNGİLİS DİLİ

İngilis dilini öyrənənlər üçün 8 asan nağıl

Müəllif: Fidan Cəfərzadə
Sep 30, 2021 | 9 dəq oxu
usaqlar ucun mobil tətbiqler
UŞAQLAR ÜÇÜN İNGİLİS DİLİ

Uşaqlara onlayn ingilis dili öyrətmənin yolları və mobil tətbiqlər

Müəllif: Gülçöhrə Abdulrəhmanova
Sep 23, 2021 | 6 dəq oxu