Niyə Türkiyədə təhsil almalıyıq? Nə kimi üstünlüklər var?

Author Gülçöhrə Abdulrəhmanova
Gülçöhrə Abdulrəhmanova
Aug 20, 2021 | 8 dəq oxu
Niyə məhz Türkiyədə

Nəyə görə son zamanlar xaricdə tehsil almaq istəyənlərin sayında artım var?    

Hər il xaricdə təhsil almaq istəyən şagird və tələbələrin sayı getdikcə artır. Bu kateqoriyaya öz akademik fəaliyyətlərini daha da genişləndirmək istəyənlər, gələcəkdə yüksək gəlirli vəzifədə çalışmaq istəyənlər və xüsusilə də bakalavr təhsilini xaricdə ala bilməyib buna görə magistr təhsili üçün xaricə üz tutmaq arzusunda olanlar aiddir. Təhsilə olan tələbatın yüksək olduğu ölkələr sırasında ən başda yer alanlardan biri də Türkiyədir. Məlum olduğu kimi, Türkiyədə təhsil almaq çoxlarının arzusudur. Əsasən də tibb, mühəndislik, MBA və digər sahələr üzrə təhsil alanlar daha çoxdur. Xüsusilə də tibb sahəsi üzrə Türkiyə universitetləri dünyada irəlidə olan universitetlər siyahısındadır. Bəs tələbələri və şagirdləri buna sövq edən amillər hansılardır?

  • öncə mədəniyyətlərarası bənzərliyin olması;

  • təhsil haqqının ucuz olması;

  • təhsil keyfiyyətinin yüksək olması; 

  • sərbəst gediş-gəlişin olması;

  • tələbələr üçün münasib iş imkanlarının mövcudluğu və s. faktorlar Türkiyədə təhsilə olan tələbatı ilbəil artırır.

Yuxarıda sadalanan faktorlar arasında ən çox diqqət çəkəni təbii ki, təhsil haqqının münasib olmasıdır. Bu, təxminən böyük şəhərlərdə yerləşən dövlət universitetlərində 500-2000 AZN arasında dəyişir. Bununla yanaşı, yaşayış xərcləri ilə birlikdə yenə də qiymətlər Azərbaycanda olduğu kimi və bəzən isə buradakı qiymətlər ilə müqayisədə həddindən çox ucuz olur. Türkiyədə təhsil almaq üçün öncə nələrə fikir vermək  lazımdır?

Hər il artan tələbatı nəzərə alsaq, bununla paralel olaraq qəbul şərtlərinin də kəskinləşdiyini görərik. Bununla yanaşı, bu çətinliyin öhdəsindən gəlmək üçün bir sıra xaricdə təhsil şirkəti, yaxud portalı adı altında fəaliyyət göstərən müəssisələr var ki, onların əksəriyyəti bu tələbatın çoxluğundan sui-istifadə edir, yəni sizdən yüksək məbləğdə pul tələb edərək heç bir  töfhə vermədən sizi əliboş yola sala bilərlər. Yaxud da istəmədiyiniz universitetdən qəbul mesajı alsanız, heç də təəccüblənməyin. Bu halların baş verməməsi üçün müraciət etməzdən əvvəl həmin müəssisəni dərindən araşdırın, yaxud əməkdaşlıq etdiyini söylədiyi universitetin saytına daxil olaraq bunu asanlıqla aydınlaşdıra bilərsiniz. Bu nüansa diqqət etmək lazımdır. Çünki ölkədə bu kimi xoşagəlməz hallarla qarşılaşanların sayı az deyil.

İkinci diqqət etməli olduğunuz məqam isə universitetlərin seçəcəyiniz ixtisasla bağlı uyğunluğunun olub olmamasıdır. Humanitar sahə üzrə təhsil almaq istəyirsinizsə, texniki sahədə ixtisaslaşmış universitetlərdə sizin sahəniz üçün gələcək imkanların məhdud olacağını nəzərə almalısınız. Yenə də bunun üçün əvvəlcədən universitetlərin sizin ixtisasınızla bağlı yaratdıqları imkanlar barədə araşdırma aparsanız, heç vaxt uduzmazsınız.

Digər vacib məqam isə universitetlərin yerləşdiyi bölgələrə diqqət etməkdir. Hal-hazırda Türkiyədə ən prestijli universitetlər əsas təhsil mərkəzləri hesab edilən Ankara, İstanbul və İzmir kimi böyük və bir çox imkanlarla zəngin şəhərlərdə yerləşir. Yəni seçəcəyiniz universitetin mərkəzi şəhərlərdə yerləşməsi sizə əlavə sosial həyatınızda da bir addım irəlidə olmaq imkanını verir. Bu cür universitetlərdə tez-tez yığıncaqlar, məsləhət saatları, mütəxəssislərin tövsiyələrini dinləmək üçün görüşlər vəs. kimi müəyyən fəaliyyətlər təşkil olunur. Bunlardan yararlana bilərsiniz. Nəyə görə Türkiyənin özəl və ya dövlət universiteti daha perspektivlidir?

Türkiyə universitetləri də bizim universitetlər kimi dövlət və özəl olmaqla 2 yerə bölünür. Türkiyə universitetlərinin demək olar ki, hər birinin öz şərtləri vardır. Tələbə və şagirdlər arasında ən çox narahatlıq doğuran suallardan biri də istədikləri universitetin dövlət universiteti olub-olmamasıdır. Bəzən hətta bu düşüncə  ilə onlar arzuladığı özəl universiteti deyil, yaxşı bir reytinqi olmayan dövlət universitetini seçirlər. Bunun əsas səbəbi isə ölkəyə geri qayıtdıqdan sonra diplomun tanınmayacağı düşüncəsidir. Bu, tamamilə yanlış fikirdir. Türkiyədə də dünyada olduğu kimi özəl universitetlərin sayı çoxluq təşkil edir. Bununla belə ən prestijli universitetlərin əksəriyyəti elə özəl universitetlərdir (Koç, Sabançı, Bilkent və s.). Ancaq bu o demək deyil ki, dövlət universitetlərində təhsilin keyfiyyəti aşağıdır. Hacettepe, Boğaziçi, ODTÜ, İTU, Marmara vəs. kimi dövlət universitetləri hələ də öz yüksək təhsil standartlarına görə Türkiyə universitetləri arasında ilk pillələrdə yer almaqda davam edir. Bəs Türkiyə universitetlərinə necə qəbul olmaq olar? Hansı şərtlər və kriteriyalara üstünlük verilir?

Attestatla Turkiyede Bakalavr tehsili:

Azərbaycanda olduğu kimi bakalavr təhsilinin müddəti 4 ili əhatə edir. Dil sertifikatı olmayanlar 1 il əlavə olaraq hazırlıq keçməlidirlər. Dil sertifikatı hansı dil üzrə təhsil alacağınızdan asılıdır. Əsasən, universitetlərdə ingilis və türk dillərində təhsil almaq olur. Ümumiyyətlə, Türkiyədə 172 universitet vardır. Bunların 105-i dövlət, 61-i özəl, 6-sı isə texnikumdur. Xarici tələbələrin Türkiyədə bakalavr oxumağı üçün hal-hazırda bir neçə yol var:

  •  DİM

DİM-dən topladığınız bal ilə siz Türkiyənin Hacettepe, Qazi, ODTÜ kimi universitetlərinə qəbul ola bilərsiniz. Onu da nəzərə alın ki, keçid balı çox yüksəkdir (550-650).

Türkiyədə YÖS imtahanını dövlət və bəzi özəl universitetləri ayrıca keçirir. Lakin universitetlərin bir çoxu bir-birinin YÖS imtahan nəticələrini qəbul edirlər. Daha aydın şəkildə desək, İstanbul universitetinin keçirdiyi YÖS imtahanını Uludağ, Aksaray və başqa universitetlər də qəbul edir. Bu imtahandan keçid olaraq 51 bal toplanması şərtdir. Bununla bir çox ixtisaslara (mühəndislik, iqtisadiyyat, dil, müəllimlik vəs.) qəbul olmaq mümkündür. Hüquq və tibb üçün isə 80-dən yuxarı bal toplamaq lazımdır.

  • SAT (Scholastic Aptitude Test)

Türkiyədəki universitetlərin əksəriyyəti SAT imtahanı ilə tələbə qəbulu həyata keçirir. Belə ki, prestijli Türkiyə universitetlərinə qəbul olmaq üçün SAT və əlavə olaraq TOEFL imtahanı vermək tələb olunur. Lakin bu imtahan daha çox ingilis dili üzrə təhsil proqramlarına aid olur.

 

Türkiyədə Magistr təhsili haqqında:

Türkiyədə magistr təhsili almaq üçün təbii ki, ilk olaraq 4 illik bakalavr təhsilini bitirmək lazımdır. Türkiyədə magistratura pilləsinə dövlət universitetlərinə qəbul olmaq üçün ALES imtahanında iştirak edib, o imtahandan topladığınız balla (51+) universitetlərə müraciət edə bilərsiniz. Təhsil 3 və 4 semestrlik olur. İngilis dilində təhsil almaq istəyənlər əlavə olaraq TOEFL və ya IELTS nəticəsi təqdim etməlidirlər. İngilis dilində təhsil almaq istəyirsizsə, onda minimum 6.5 IELTS nəticəniz olmalıdır. Bəzi hallarda isə tələbənin dil sertifikatı yoxdursa, universitet özü bu imtahanı keçirir. Ən vacib məqamlardan biri də magistratura təhsili aldığınız zaman təhsilinizi TEZ-li və ya TEZ-siz (TEZ – diplom işi və ya tezis) olaraq seçə bilməyinizdir. TEZ-li olmasının üstün cəhəti daha sonra təhsilin bir digər akademik pilləsinə qalxma imkanı verməsidir. Dövlət universitetlərində TEZ-li təhsil almaq üçün ALES imtahanı şərtdir. Ancaq son illərdə bəzi dövlət universitetləri ALES tələb etmir. Ancaq TEZ-siz təhsil almaq istədiyiniz zaman ALES imtahan nəticəniz olmadan da qəbul ola bilərsiniz. Təhsil haqlarına gəldikdə  isə TEZ-li və TEZ-siz proqramdan bir az bahadır. Təhsil haqqı Türkiyədə proqram qiyməti (2 il birlikdə) olaraq götürüldüyündən özəl universitetlərdə qiymət 1500 dollardan 3000 dollara qədər təşkil edir. Təbii ki, qiymətlər ixtisasdan asılı olaraq hər il dəyişir.

 

Author Gülçöhrə Abdulrəhmanova
Gülçöhrə Abdulrəhmanova
Aug 20, 2021 | 8 dəq oxu


Əlaqəli məqalələr

 Türkiyədə yataqxana və ev qiymətləri
TÜRKİYƏDƏ TƏHSİL

Türkiyədə yataqxana və ev qiymətləri

Müəllif: Gülçöhrə Abdulrəhmanova
Sep 02, 2021 | 8 dəq oxu
Türkiyədə mühəndislik təhsili
TÜRKİYƏDƏ TƏHSİL

Türkiyədə mühəndislik təhsili

Müəllif: Arzu Ələkbərsoy
Aug 18, 2021 | 6 dəq oxu