Türkiyədə mühəndislik təhsili

Picture of Arzu Alakbarsoy
Arzu Ələkbərsoy
Aug 18, 2021 | 6 dəq oxu
Türkiyədə mühəndislik təhsili

 

   İngilis mühəndis Tomas Tredqolda görə mühəndislik təbiətdəki böyük güc mənbələrini idarə etmək sənətidir. Bununla yanaşı, mühəndislik bir ölkənin inkişafında əsas rol oynayan elm sahələrindər biridir. Əgər bir ölkənin mühəndisləri parlayarsa, gələcəyi də parlayar. Bəs yaxşı bir mühəndislik təhsili üçün bölgədə hara üz tuta bilərsiniz? Əlbəttə ki, Harvard Universitetinin Gənc Akademiyası üzvlüyünə seçilən ilk türk alim Canan Dağdevirenin, Twitter sosial şəbəkəsində çalışan yeganə türk mühəndis Ayşe Naz Erkanın, ABŞ Milli Mühəndislik Akademiyasının üzvlüyünə seçilən Selda Günselin vətəni Türkiyəyə. 

 

Türkiyədə mühəndislik haqqında məlumat

   Gəlin spesifik olaraq Türkiyədə təhsilin şərtlərindən danışmazdan əvvəl mühəndisliyin ümumi tələblərindən və sahələrindən çox qısa danışaq. Bir mühəndisin əsas məqsədi problem həll etməkdir.  Mühəndis olmaq üçün sadəcə hansısa universiteti bitirmək yetərli deyil. Hər peşə kimi bu peşənin də tələb etdiyi bəzi şəxsi keyfiyyətlər var. Hər şeydən öncə əgər mühəndisliyi bədii təsvirlərdən kənarda dəyərləndirsək, bu, olduqca kreativlik tələb edən peşədir. Bundan əlavə, analitik düşünmə, asan ünsiyyət qura bilmə, məsuliyyətli olmaq, səbrli olmaq, idarəçilik bacarığı bir mühəndisdə olmalı şəxsi keyfiyyətlərdir. Mühəndisliyin əsas sahələri bunlardır:

  • Kimya mühəndisliyi

  • İnşaat mühəndisliyi

  • Elektrik mühəndisliyi

  • Mexanika mühəndisliyi

  • Aerokosmos mühəndisliyi: 

  • Dəniz mühəndisliyi: 

  • Sənaye mühəndisliyi

  • Qida mühəndisliyi

 

Bunlardan başqa zamanla bir neçə sahənin ünsürlərini özündə cəmləşdirən digər sahələr də yaranmışdır. Onlara isə aşağıdakıları nümunə göstərə bilərik.

  • Səs mühəndisliyi

  • İnformasiya mühəndisliyi

  • Ekologiya mühəndisliyi:

  • Neft mühəndisliyi

  • Geologiya mühəndisliyi

  • Kompüter mühəndisliyi

  • Biosistem mühəndisliyi

  • Materialşünaslıq mühəndisliyi və s.

 

Siyahının davamı ilə qeyd olunmuş linkdən tanış ola bilərsiniz.

Hər mühəndislik sahəsinin fəaliyyət istiqaməti fərqlidir. Ancaq ümumi olaraq hansı ixtisasdan məzun olursunuz olun, mühəndislik barədə ümumi məlumatlara yiyələnmiş olursunuz.

 

Turkiye universitetlerinin muhendislik fakulteleri

Orta Doğu Teknik Universiteti, İstanbul Teknik Universiteti, Boğaziçi Universiteti, Bilkent Universiteti, Sabancı Universiteti, Hacettepe Universiteti haqqında

   Türkiyədə bir çox universitetdə mühəndislik fakültəsi mövcuddur. Verdiyi təhsilin keyfiyyətinə görə isə Orta Doğu Teknik Universiteti, İstanbul Teknik Universiteti, Boğaziçi Universiteti, Bilkent Universiteti, Sabancı Universiteti, Hacettepe Universiteti ön sırada olan universitetlərdəndir. Siyahının tamamı ilə qeyd olunan linkdən tanış ola bilərsiniz. Türkiyədə mühəndislik ixtisasının bakalavr müddəti 4 ildir. Ölkədə keyfiyyətli təhsil ilə mühəndislər yetişdirən köklü universitetlər olsa da, mühəndislik təhsilini çox zəif formada verən universitetlər də var. Buna görə də təhsil verən universiteti yaxşı seçmək lazımdır. Xüsuilə bəzi universitetlər qrupdakı tələbələrin çoxluğu, müəllim və texniki ləvazimatların çatışmazlığı səbəbindən kifayət qədər bilik və bacarığa sahib olan mühəndislər yetişdirə bilmir. 

 

Atestatla Türkiyədə mühəndislik təhsili üçün YÖS imtahanının vacibliyi

Türkiyədə xarici vətəndaş olaraq bakalavr səviyyəsində mühəndislik təhsili almaq üçün əsasən YÖS (Yabancı Uyruklu Öğrenci Sınavı) imtahanını vermək lazım gəlir. Türkiyə üzrə YÖS imtahanının ümumi bir sistemi yoxdur. Hər universitet ya özü bu imtahanı keçirir, ya da başqa universitetlərin keçirdiyi imtahanların nəticələrini qəbul edir. Vahid bir sistem olmadığı üçün də imtahanların bəlli bir tarixi olmur. İmtahanlar adətən fevral və ya mart ayı başlayır və iyula qədər davam edir. Hətta bəzi universitetlər namizədləri dəyərləndirərkən  imtahan nəticələri ilə yanaşı onların orta məktəbdəki qiymət ortalamasını da nəzərə alır. Lazım olan sənədlər isə bunlardır:

  • Beynəlxalq tələbə qəbulu anketi

  • Atestat  və tərcüməsi (türk və ya ingilis)

  •  9,10,11-ci siniflər üzrə qiymət cədvəli (transkript) və tərcüməsi (ingilis və ya türk)

  • Dil biliyi sertifikatı (Tələbələr universitetin dil bilik səviyyəsinə cavab verməlidirlər. Uyğun dil biliyi səviyyəsinə sahib olmayan namizədlər universitetin ingilis dili hazırlıq proqramına qatılmalıdırlar.)

  • Maliyyə zəmanəti məktubu

  • Sağlamlıq haqqında şəkilli arayış

  • Şəxsiyyət vəsiqəsi

  • Fotoşəkil

Onlayn ingilis dili platformasi

   Qeyd edim ki, bu sənədlər şərti xarakter daşıyır, yəni, əlavə olaraq universitetin başqa tələbləri də ola bilər. Ətraflı məlumatları, müraciət üçün lazım ola biləcək digər sənədləri, imtahanın keçiriləcəyi tarixi universitetlərin saytlarından əldə etmək mümkün olur. YÖS-dən əlavə SAT imtahanı ilə də Türkiyədə mühəndislik təhsili ala bilərsiniz. Adətən hər universitet üzrə yerlərin sayı 20-dən çox olmur. Türkiyədə magistr təhsili dissertasiyalı və dissertasiyasız (tür. tezli və tezsiz) olmaqla iki yerə ayrılır. Mühəndislik fakültələri üçün də bu, keçərlidir. Magistr səviyyəsində mühəndislik təhsili üçün olan şərtlər bu iki formada fərqlidir. Dissertasiyalı (tür. tezli) magistr programına daha çox akademik hədəfləri (doktorantura, akademik karyera və s.) olan tələbələr müraciət edir. Dissertasiyasız (tür. tezsiz) magistr proqramı isə əsasən müəyyən sahədə öz bilik və bacarıqlarını artırmağı hədəfləyən və daha çox iş həyatına yönələn tələbələr üçün nəzərdə tutulmuşdur. Universitetlərin dissertasiyalı proqramlarına qəbul olmaq dissertasiyasızlara görə nisbətən çətin olur. Qəbul üçün əsas imtahan ALES (Akademik Personal ve Lisansüstü Eğitime Giriş Sınavı) hesab olunur. Qeyd etmək lazımdır ki, bəzi özəl və dövlət universitetləri ALES nəticəsi olmadan da tələbə qəbul edir.  Magistr üçün lazım olan sənədlər isə əsasən aşağıdakı formada olur.

  • 2. Diplom (əsli)

  • Diplom əlavəsi (əsli)

  • Transkript (əsli)

  • Xarici pasport (əsli)

  • Şəxsiyyət vəsiqəsi (əsli)

  • Tövsiyə məktubu – 2 ədəd

  • Fotoşəkil

Yenə də qeyd etmək lazımdır ki, bu siyahı universitetdən-universitetə dəyişə bilər. Dəqiq məlumatı universitetlərin saytlarında tapa bilərsiniz. 

Picture of Arzu Alakbarsoy
Arzu Ələkbərsoy
Aug 18, 2021 | 6 dəq oxu


Əlaqəli məqalələr

 Türkiyədə yataqxana və ev qiymətləri
TÜRKİYƏDƏ TƏHSİL

Türkiyədə yataqxana və ev qiymətləri

Müəllif: Gülçöhrə Abdulrəhmanova
Sep 02, 2021 | 8 dəq oxu
Niyə məhz Türkiyədə
TÜRKİYƏDƏ TƏHSİL

Niyə Türkiyədə təhsil almalıyıq? Nə kimi üstünlüklər var?

Müəllif: Gülçöhrə Abdulrəhmanova
Aug 20, 2021 | 8 dəq oxu