Türkiyədə Təhsil

Picture of Arzu Alakbarsoy
Arzu Ələkbərsoy
Aug 18, 2021 | 5 dəq oxu
Istanbul boğaz qala

Türkiyədə Təhsil

   İngilis şair Kiplinqin dediyinə görə dünyada sadəcə iki tip insan var: həkimlər və xəstələr. Bəs yaxşı həkim olmaq üçün nə etməli? Hər dövlətin tibbi təhsil verən universitetləri vardır. Ancaq bəzən müxtəlif səbəblərə görə, bu təhsili başqa dövlətlərdə almaq istəyənlər də olur. Həkimlik peşəsinə yiyələnmək üçün bölgədə ən çox üz tutulan dövlət Türkiyədir.

Turkiyede tibb tehsili haqqında

   Türkiyədə tibb təhsilinə necə müraciət ediləcəyini söyləməzdən əvvəl gəlin çox qısa Türkiyə universitetlərində tibb təhsilinin formaları haqqında məlumatlanaq. Türkiyədə tibb təhsili ilkin səviyyədə 6 il müddətindədir. Bu təhsilin ilk 3 ilində təməl fənnlər (anatomiya, fiziologiya, patologiya, farmakologiya və s.) tədris olunur. Sonrakı 2 ilində kliniki fənnlər (cərrahiyə, daxili xəstəliklər və s.) həm tədris olunur, həm də praktikada göstərilir. Sonuncu ildə isə tələbə müxtəlif xəstəxanalarda təcrübə keçərək həkimlik həyatına hazırlanır. Bu 6 ilin sonunda məzun olan şəxs ümumi sahə həkimi (tür. pratisyen hekim) olaraq fəaliyyət göstərə bilir. Qeyd edim ki, Türkiyə Cümhuriyyəti birbaşa olaraq məzun olan vətəndaşlarının müxtəlif xəstəxana və səhiyyə mərkəzlərinə təyinatlarını verir. Lakin bir qayda olaraq, bu, xarici vətəndaşlar üçün keçərli deyil. Türkiyədə tibb təhsili bu 6 illə yekunlaşmır. Universitetdən sonra həkimlər istəyərlərsə, Tibbi İxtisas İmtahanına (tür. TUS - Tıpta Uzmanlık Sınavı) girərək nəticələrinə uyğun olan tibbi sahələrin birində ixtisaslaşa bilərlər. Bundan sonra onlar mütəxəssis həkim (tür. uzman doktor) kimi fəaliyyət göstərirlər. İxtisaslaşmaq üçün alınan təhsilin müddəti isə sahədən-sahəyə dəyişərək 3-6 ili əhatə edir. Türkiyədə tibbi təhsil verən 111 özəl və dövlət müəssisəsi var. Bu universitetlərin siyahısına qeyd olunan linkdən baxa bilərsiniz.

   Tibb təhsili verən universitetlərin tədrisdə izlədikləri bir neçə metod var. Bunlardan ən çox istifadə ediləni klassik təhsil, inteqrasiya sistemi və problemə əsaslanan tədris modelidir. Klassik təhsil modelində bir kursda tədris olunan fənn digər kursdakı fənn ilə əlaqələndirilmədən keçirilir. İnteqrasiya sistemində bir-biri ilə əlaqəli mövzuları olan fənnlər uzlaşdırılaraq tədris olunur. Problemə əsaslanan tədris modelində isə tələbələr xəstəliklər üzərində araşdırma edərək fənnləri öyrənirlər. Yəni bu tədris modelində praktika əsas götürülərək tələbələri real xəstələr və xəstəliklərlə tanış edirlər. Bu üç model də müasir tibblə ayaqlaşan modellərdir. İndi isə gəlin əsas sualımıza cavab verək.

Türkiyədə tibb universitetlərinə necə müraciət etməli?

   Ümumi olaraq Türkiyədə təhsil almaq üçün əsasən YÖS (Yabancı Uyruklu Öğrenci Sınavı) imatahını vermək lazım gəlir. Tibb təhsili də bu qaydaya şamil edilir. Qeyd edim ki, YÖS imtahanı tibbdə bakalavr, yəni ilkin pillə təhsili üçün lazımdır. Türkiyə üzrə YÖS imtahanının ümumi bir sistemi yoxdur. Hər universitet ya özü bu imtahanı keçirir, ya da başqa universitetlərin keçirdiyi imtahanların nəticələrini qəbul edir. Vahid bir sistem olmadığı üçün də imtahanların bəlli bir tarixi olmur. İmtahanlar adətən fevral və ya mart ayında başlayır və iyula qədər davam edir. Hətta bəzi universietlər namizədləri dəyərləndirərkən imatahan nəticələri ilə yanaşı onların orta məktəbdəki qiymət ortalamasını da nəzərə alır. Ətraflı məlumatları, müraciət üçün lazım olan sənədləri, imtahanın keçiriləcəyi tarixi universitetlərin saytlarından əldə etmək mümkün olur. Adətən hər universitet üzrə yerlərin sayı 20-dən çox olmur.

   TUS imtahanı isə mərkəzləşmiş imtahan sistemi olduğundan imtahan bəlli tarixdə keçirilir və nəticələrdən asılı olaraq hər hansı bir universitetdə yer tutma şansınız olur. TUS imtahanı bizdəki rezidentura imtahanı kimi iki hissədən ibarət olur. İmtahanın birinci hissəsi təməl fənnlər, ikinci hissəsi isə kliniki fənnlərdən ibarətdir. Əlavə məlumatları Tibbi İxtisas İmtahanı Təhsil Mərkəzinin (tür. TUSEM - Tıpta Uzmanlık Sınavı Eğitim Merkezi) saytından əldə etmək mümkündür.

Türkiyədə tibb təhsili almaq 

   Tibb sahəsini digərlərindən ayıran ən əhəmiyyətli xüsusiyyət davamlı formalaşması və dəyişməsi, yeni məlumatların yaranmasıdır. Nə qədər peşəkar həkim də olsanız, həmişə bir tibb tələbəsi olacaqsınız. Daim bilikləriniz yeniləməli, yeni məlumatlar öyrənməli, müasir tibbin yeniliklərini və araşdırmalarını izləməlisiniz. Məhz buna görə də təhsil həyatınız tam mənası ilə heç vaxt bitməz. Lakin təməlinizin də yaxşı olmağı vacib nüansdır. Nə də olsa, burda mövzu insan həyatıdır. Buna görə də alacağınız təhsili çox yaxşı seçməli və araşdırmalısınız. Londonda yerləşən ali təhsil müəssisələrinin reytinq agentliyi olan “Times Higher Education”ın keçən il apardığı bir araşdırmaya görə Türkiyənin 3 - Hacettepe, İstanbul ve Koç universitetlərinin tibb fakültələri dünyanın ən yaxşı 500 tibb fakültəsi sıralamasında yer tutub. Bunu da qeyd etmək lazımdır ki, YÖS imtahanı vasitəsilə Türkiyədə təhsil almaq istəyənlərin arasında tibb tələbələri birinci yerdədir. 

Son olaraq, unutmayaq ki, insan təhsilli doğulmur, ancaq təhsillə yaşayır. Gəlin, təhsilli olaq!

Picture of Arzu Alakbarsoy
Arzu Ələkbərsoy
Aug 18, 2021 | 5 dəq oxu


Əlaqəli məqalələr

 Türkiyədə yataqxana və ev qiymətləri
TÜRKİYƏDƏ TƏHSİL

Türkiyədə yataqxana və ev qiymətləri

Müəllif: Gülçöhrə Abdulrəhmanova
Sep 02, 2021 | 8 dəq oxu
Niyə məhz Türkiyədə
TÜRKİYƏDƏ TƏHSİL

Niyə Türkiyədə təhsil almalıyıq? Nə kimi üstünlüklər var?

Müəllif: Gülçöhrə Abdulrəhmanova
Aug 20, 2021 | 8 dəq oxu